Əlverişli iqlim şəraiti və münbit torpaqları Türkiyənin bərəkətli Anadolu bölgəsində yerləşən Qaziantepin kənd təsərrüfatı sahəsində ixtisaslaşmasına şərait yaradıb. Min ildən çox yaşı olan tarixi şəhərin mədəniyyəti, incəsənəti, elmi ilə yanaşı zəngin mətbəxi də hər zaman diqqət çəkən elementlər arasında olub. Bu xüsusiyyətləri nəzərə alınaraq Qaziantep 2015-ci ildə qastronomiya sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər İrsinə daxil olan ilk Türk şəhəri olub.
Qədim mətbəxi və bənzərsiz dadları ilə seçilən Qaziantep qastronomiya sahəsində Yaradıcı Şəhərlər Şəbəkəsində Türkiyəni təmsil edən ilk şəhər olaraq dördüncü dəfə Beynəlxalq Qaziantep Qastronomiya Festivalına (GastroAntep) ev sahibliyi edib.
Qaziantep İnkişaf Vəqfinin dəstəyi ilə Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan 4-cü Beynəlxalq Gaziantep Gastronomiya Festivalı 15-18 sentyabr tarixlərində baş tutub. Tədbir çərçivəsində dünyaca məşhur Michelin ulduzlu aşpazları, Türkiyənin məşhur aşpazları, otel və restoran investorları, sənaye mütəxəssisləri, qurmanlar və dad həvəskarları bir araya gəlib.
Festival çərçivəsində məşhur həkim Dr. Ender Saraç bir sıra xəstəliklərə qarşı qoruyucu və şəfaverici Qaziantep məhsulların müalicəvi xüsusiyyətlərindən danışıb. GastroAntep-in son günü Dr. Ender Saraç “Gaziantep’in Bilinmeyen İlaç Gibi Yemekleri” adlı konfrans təşkil edib.
Konfransda Dr. Saraç Qaziantepdə yetişdirilən menengiç, zahter, tut, sumaq və üzüm yarpaqlarının orqanizmə faydalarından danışıb. Qidalanma vərdişləri ilə bağlı məsləhətlər verən Dr. Saraç tamaşaçılara Qaziantepin məşhur paxlava, kabab kimi dadlarının necə və hansı şərtlərdə yeyilməli olduğunu, yeməkdən əvvəl və sonra nə etmək lazım olduğunu izah edib.
Konfransın son hissəsində Ender Saraç tamaşaçıların suallarını cavablandırıb.
Tags
21 Sentyabr 2022, 12:55