1. Home
  2. Interview
Interview

Günay Feyziyeva: "Bu gün kosmetologiya biz həkimlərdən yeniliklərə açıq olmağı, inkişaf etməyi, öyrənməyi və daim öz üzərimizdə çalışmağı tələb edir"

24 Sentyabr 2022

Bu gün kosmetologiya sahəsi sürətlə inkişaf edərək ən tələbatlı sahələrdən birinə çevrilib. Hər mövsüm yeni preparatlar, müxtəlif üsullar, fərqli texnikalar yaranır və bütün bunlarla yanaşı bu sahədə tətbiq olunan yanaşmalar da dəyişilir. Hazırda estetik kosmetologiyada xüsusi seçilmiş preparatların köməyi və aparat üsulları  ilə  demək olar ki, bütün görünən qüsurları və yaşlanmanın əlamətlərini aradan qaldırmaq olar. Sözsüz ki, bütün sahələrdə olduğu kimi, sözügedən peşədə bilik, yüksək məsuliyyət və bacarıq tələb edir. Müsahibimiz də məhz bu sahədə çalışan peşəkar həkim-kosmetoloq Günay Feyziyevadır. 
 
- Necə oldu ki, tibb sahəsinə gəldiniz? 
 
- Ailəmdə atam həkim olduğu üçün uşaq yaşlarımdan tibb sahəsinə böyük maraq göstərirdim. Düşünürdüm ki, böyüyəndə mütləq həkim olacağam və belə də oldu. İlk olaraq Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirdim. Daha sonra isə Türkiyədə təhsilimi davam etdirdim. Bilik və bacarıqlarımın təkmilləşdirilməsi istiqamətində bu ölkənin aparıcı universtetlərinin təhsil proqramlarına qatılaraq böyük təcrübə qazandım. Zaman keçdikcə bu sahənin sirlərinə yiyələndim və topladığım zəngin təcrübəni hazırda öz işimdə uğurla tətbiq edirəm. 
 
- Niyə məhz kosmetologiya sahəsini seçdiniz?
 
- Estetik kosmetologiyaya sevgim gözəlliyə sevgimdən yarandı və mən  onu seçdim. Əminliklə deyə bilərəm ki, özümü vurğunu olduğum bu sahədən ayrı təsəvvür etmirəm. Hər kəsin mükəmməl bacara biləcəyi bir iş var ki, o, ondan zövq alır. Mən də bu peşədə çalışmaqdan böyük zövq alıram. Pasiyentlərimin etibarı və müsbət rəyi isə mənə böyük motivasiya və güc verir.
 
- Bütün kosmetoloji prosedurları icra edirsiniz, yoxsa istisnalar var?
 
- Estetik kosmetologiyada bütün kosmetolojı prosedurları icra edirəm. Bu prosedurlar biz həkimlərdən peşəkarlıq və böyük məsuliyyət tələb edir. Bu səbəbdən çalışıram ki, dünyada kosmetologiya sahəsində baş verən bütün yeniliklərdən xəbərdar olum, işimdə müasir metodlar və texnikalardan istifadə edim.  
 
 
 
- Hansı xarici seminar və konfranslarda iştirak etmisiniz?

 
- Mütəmadi olaraq Avropanın bir neçə nüfuzlu konfranslarında iştirak edirəm. Sonuncu dəfə İstanbulda keçirilən beynəlxalq konfransa dəvət aldım. Bura dünyanın müxtəlif ölkələrindən həkimlər qatılmışdı. Proqram çərçivəsində kosmetologiya sahəsi üzrə vacib və faydalı təlimlər keçdik. Biz həkimlər üçün belə konfranslar və tədbirlər olduqca vacibdir. Çünki kosmetologiya daim inkişaf edir, müasir preparatlar və yeni texnologiyalar istifadəyə verilir. 
 
- Hansı prinsiplər əsasında çalışırsınız?
 
- Kosmetoloqun yanına gələn pasiyent ilk olaraq həkimə etibar edərək gəlir. Əsas prinsip pasiyentin etibar edib gəldiyi üçün nə istədiyini bilməkdir. Həkim öz improvizəsi əsasında onun razı olduğuna əmin olmalıdır. Mən hər bir pasiyentə individual yanaşıram. Onların gözləntilərini doğrultmaq çox xoşdur. 
 
- Çalışdığınız sahənin hansı çətinlikləri var? Nəyi qeyd edə bilərsiniz?
 
- Çətinliklər çoxdur. Kosmetoloqun yanına gələn pasiyent öncə estetik gözəlləşmək üçün gəlir. Bu səbəbdən işinin peşəkarı olmalısan. Bizim sahədə səhv etmək qəti olmaz. İşimiz inyeksiya ilə bağlı olduğu üçün üzün və bədənin anatomiyasını bilmək mütləqdir ki, prosedur düzgün icra olunsun. Bununla yanaşı yarana biləcək fəsadları düşünərək işini öncədən mükəmməl görüb özünü sığortalamalısan. 
 
- Kosmetologiyanın müasir trendləri həkim kosmetloqlardan nə tələb edir? 
 
- Son 10 ildə dəridə yaşla bağlı dəyişiklərlə mübarizə aparmaq üçün kosmetik vasitələrin artan istifadəsi inyeksiya üsüllarina çevrilir. Hər mövsüm bu sahədə yeniliklər baş verir. Hər hansı bir prosedur daha çox populyarlaşır, digəri isə əksinə, artıq dəbdən düşür. Amma demək olar ki, son illərdə tələbat daha çox aparat prosedurlarınadır. Müasir trendlərə müraciət etmək olar, lakin düşünürəm ki, həkim hər zaman pasiyentə düzgün tövsiyyə verib, onun üz cizgilərinə uyğun olan prosedurları etməlidir. Bu gün bu sahə biz həkimlərdən daim yeniliklərə açıq olmağı, inkişaf etməyi, öyrənməyi və öz üzərimizdə çalışmağı tələb edir. 
 
- Uğurlu həkim kimdir? Uğuru necə qazanmaq olar?
 
- Bu sualı çox bəyəndim. Mənim üçün bu sualın cavabı da sadədir. İlk olaraq onu qeyd etmək istərdim ki, pasiyentin məmnunluğu, xoşbəxtliyi həkim üçün ən böyük uğurdur. Məmnun qalan pasiyent, onların inamı və rəğbəti stimul verir ki, mən durmadan inkişaf edim, fəaliyyətimdə yüksək nəticələr və uğurlar qazanım. 
 
- Gələcək planlarınız nədən ibarətdir?
 
- Arzular tükənməz, planlar isə çoxdur. Amma ilk reallaşdırmaq istədiyim bir planım var - bu da mərkəzimin açılmasıdır. Digər planlarımı sirr olaraq saxlamaq istərdim. Zaman gələndə onları da açıqlayaram.
 
Instagram: drgunayfeyziyeva
 
Əlaqə nömrəsi: +99450 2452380