1. Home
  2. Aestetic
Aestetic

Dr. Rəna Soltanovanın yaratdığı qurum estetik sahəsində çalışanlara dəstək olur

29 Noyabr 2022

Tanınmış həkim-kosmetoloq Rəna Soltanovanın yaratdığı Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyi sözügedən sahədə çalışan şəxslərə dəstəyini göstərməkdə davam edir. Qurum onlar üçün mütəmadi olaraq müxtəlif maarifləndirici layihələr, eyni zamanda, təlimlər və konfranslar təşkil edir.

"Birliyin əsas məqsədi estetik sahənin mütəxəssislərinin, o cümlədən kosmetoloqların maarifləndirilməsi, inkişaf etdirilməsi, eyni zamanda, estetik sahədə öz biznesini qurmaq istəyən şəxslərə dəstək olmaq, bununla da ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir", - Rəna Soltanova qeyd edib.

EKM İB-yə üzv olan həkimlər həm yerli, həm də beynəlxalq seminar və konfranslarda iştirak edərək Azərbaycanı təmsil edirlər. Birlik, həmçinin onlara ən müasir metodikalara yiyələnməkdə yardımçı olmaqla Azərbaycanda kosmetologiya sahəsində kompleks müalicənin, ümumilikdə isə tibbin inkişafına öz töhfəsini verir.

Qeyd edək ki, Rəna Soltanova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin dermatoloq-veneroloq ixtisası üzrə təhsil almış, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı, 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomundan sonra Təhsil Akademiyasında Ümumi Cərrahiyyə üzrə ordinaturanı bitirib. Bu günədək yüzlərlə beynəlxalq konfrans və seminarlarında, təlimlərdə iştirakçısı olan Rəna Soltanova dünyanın bir çox ölkələrində mühazirələrlə çıxış edib. Peşəkar həkimin fəaliyyəti olduqca genişdir və İctimai sosial məsələlər də onun fəaliyyətinin bir hissəsidir. Belə ki, 2019-cu ildə həkim-kosmetoloq Rəna Soltanovanın təşəbbüsü və rəhbərliyi ilə “Yaxşılıq et, gözəllik qazan” adlı sosial layihəyə yüzlərlə insan qoşulub. Bu layihə vasitəsilə qısa zamanda Bakıda və regionlarda yüzdən çox köməyə ehtiyacı olan ailələrə yardımlar edilir.