Müsahibimiz peşəkar rusiyalı kosmetoloq, beynəlxalq mükafatlar laureatı, “Lips for Kiss” estetik mərkəzinin təsisçisi Marina Aysinadır.
1. Marina xanım, özünüzü 3 sözlə ifadə etsəniz hansı kəlmələri seçərdiniz?
Məqsədli, inamlı, səmimi. Fikrimcə bu 3 kəlimə birlikdə “Mən” deməkdir.
2. Peşəkar kosmetoloq olmağın şərtləri nələrdir?
Öncə onu qeyd edim ki, gözəllik aşiqiyəm. İnsanlara gözəllik bəxş etməyi və onlarda özgüvən yaratmağı sevirəm. Bizim sahədə peşəkarlığın başlıca şərti ali tibb təhsilidir. İkinci şərt isə daim öz üzərində çalışmaqdır.
3. İnsan gördüyü işdən zövq alarsa daha uğurlu olar. Sizə daha çox zövq verən nədir?
Prosedurdan sonra pasiyent güzgüdə ilk dəfə özünü görərkən gözündəki sevinc mənim xoşbəxtliyim, ilham mənbəyimdir. İnsanları xoşbəxt görməkdən zövq alıram, bu xoşbəxtliyin müəllifi mənəmsə, o zaman ikiqat zövq alıram.
4. Uğur formulunuzu ifadə edin.
Şans, istedad, əzm. Bu üç faktorun kombinasiyası önəmlidir. Kosmetoloq öz peşəsinə zərgər dəqiqliyi ilə yanaşmalıdır. Bütün detalları ölçüb-biçməli, eyni zamanda bacarıqlı əllərə sahib olmalıdır.
5. Pasiyentlər sizə ən çox hansı problemlə bağlı müraciət edirlər?
Pasiyentlər mənə kosmetologiyaya, gözəlliyə dair bütün məsələlərlə bağlı müraciət edirlər. Ancaq müəllifi olduğum dodaq həcminin və üz ovalının bərpası proseduru çox sevilir. Bu prosedurları öz texnikamla edirəm. Müasir texnologiya və elmi inkişaf insan görünüşünün müsbətə doğru dəyişməsinə şərait yaradır. Düşünürəm ki, bu imkanlardan maksimum yararlanmalıyıq.
6. Marina xanım, klinikanızın konsepsiyası haqda danışın. Onu bu qədər özəl edən nədir?
Lips for Kiss estetik mərkəzi olaraq vizyonumuz pasiyentlərə istədikləri nəticəni almağa zəmanət verməkdir. Pasiyentlər ali tibb təhsilli, kosmetologiya və konturlama sahəsində böyük təcrübəyə malik mütəxəssislər tərəfindən qəbul edilir. Biz müasir avadanlıq, qabaqcıl texnika və sertifikatlaşdırılmış preparatlarla işləyirik. Mərkəz olaraq peşəkarlıq və fərdi yanaşma öncəliyimizdir.
7. Sahənizin peşəkarı kimi gələcəyin kosmetoloqlarına nə tövsiyə edərdiniz?
Dünyaya və insanlara açıq olun, çox öyrənin, çox çalışın. Həyatda hədəfləriniz olsun və ona doğru gedin. Təhsilə, təkmilləşməyə investisiya yatırın, zamanı gələndə həmin vəsait artıqlaması ilə sizə geri dönəcək. Ən əsası isə işinizi sevin. Əmin olun ki, uğur sizi gözlətməyəcək.
Tags
05 Aprel 2023, 18:37