Türkiyənin Antalya şəhərində ənənəvi olaraq keçirilən nüfuzlu "İlk Bahar" Toplantısının 8-ci konfransı keçirilib. Türkiyənin Qulaq, Burun, Boğaz, və Baş Boyun Cərrahiyyəsi Qurumu tərəfindən təşkil edilən tədbirdə LOR mütəxəssislərinin mühazirələri dinlənilib, Rinoplastika Marafonu və aktual mövzularda panellər təşkil olunub. Beynəlxalq konfransda Azərbaycanı uğurla təmsil edən tanınmış estetik həkim-dermatoloq Rəna Soltanova spiker olaraq çıxış edib. O, konfransda hazırda aktual mövzulardan biri olan "Profiloplastika" haqqında geniş auditoriya qarşısında çıxış edərək öz zəngin təcrübəsini bölüşüb.
"Azərbaycanı belə bir tədbirdə uğurla təmsil etmək çox qürurvericidir. Spiker olduğum beynəlxalq konfransda illərdir çalışdığım sahədə tətbiq etdiyim uğurlu və müasir texnikalar haqqında qonaqlara geniş məlumat verdim", - Rəna Soltanova deyib.
Tədbir zamanı Rəna Soltanova həmçinin profiloplastikaya aid bir neçə proseduru iştirkaçılara nümayiş etdirib.
Qeyd edək ki, böyük təcrübəyə malik olan Rəna Soltanova bu günədək yüzlərlə beynəlxalq konfrans və seminarlarda mühazirələrlə çıxış edib. O, eyni zamanda "Şans, yoxsa iradə" kitabının və bir çox elmi məqalələrin müəllifidir.
Peşəkar həkimin fəaliyyəti olduqca genişdir və ictimai sosial məsələlər də onun fəaliyyətinin bir hissəsi hesab olunur. Belə ki, 2020-ci ildə Rəna Soltanova yaratdığı Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyi vəsitəsi ilə estetik sahədə çalışan şəxslərə dəstəyini göstərərək onlar üçün mütəmadi olaraq müxtəlif maarifləndirici layihələr, eyni zamanda təlimlər və konfranslar təşkil edir. Həkimlərə ən müasir metodikalara yiyələnməkdə yardımçı olan bu qurum Azərbaycanda tibb sahəsinin inkişafına böyük töhvə verir.
Tags
11 May 2023, 18:28