Müasir həyatın görünməyən yükü, səssiz qalan çarəsizliklər və içimizdəki emosional fırtınalar – bu reallıqların ortasında Həsənova Nərgiz İlqar qızı öz peşəkar psixoloji dəstəyi ilə insanların həyatında işıq saçır. 1987-ci il yanvarın 11-də dünyaya gələn Nərgiz Həsənova, altı ilə yaxındır ki, peşəkar psixoloji fəaliyyət göstərir və bu müddət ərzində yüzlərlə fərdin həyatına müsbət dəyişikliklər gətirib. O, təhsilini Sankt-Peterburqda yerləşən B.D. Karvasarski adına Psixoterapiya və Tibbi Psixologiya İnstitutunda alıb. Hal-hazırda Ümumrusiya Peşəkar Psixoterapevtik Liqasının (ОППЛ) üzvü olaraq beynəlxalq akkreditasiya və sertifikatlara malikdir.
Nərgiz Həsənova işində Koqnitiv Davranış Terapiyası (CBT), Tranzaksiya Analizi, Neyro-Linqvistik Proqramlaşdırma (NLP) və Metaforik Assosiativ Kartlar (MAK) kimi müasir və təsirli metodlardan istifadə edir. Əsas iş istiqamətləri arasında ailədaxili münasibətlər, emosional çətinliklər, depressiya və panik ataklar, ekran yorğunluğu, şəxsi sərhədlərin qurulması və özünü reallaşdırma kimi problemlər yer alır.
Hazırda cəmiyyətin diqqət yetirməli olduğu bəzi psixoloji problemləri önə çıxaran Həsənova Nərgiz, xüsusilə aşağıdakı mövzularda maarifləndirici işlər görür:
1. “Güclü görünənlərin səssiz narahatlığı” – Xaricdən funksional və güclü görünən, lakin içində emosional yüklərlə təkbaşına mübarizə aparan insanlara dəstək.
2. Emosional aclıq və yemək davranışı – Qadınlarda özünü sevgi və diqqət əskikliyini qida ilə kompensasiya etmə meylləri, bunun psixoloji kökləri.
3. “Maskalı” depressiya və səssiz panik ataklar – Tipik simptomlar göstərmədən yaşanan, lakin həyatı ciddi şəkildə təsir edən psixoloji pozuntular.
4. Münasibətlərdə yaxınlıq qorxusu – İnsanların sevilmək istəyi ilə yaxınlıqdan qorxusu arasında qalması və bunun yaratdığı daxili münaqişələr.
Azərbaycan və rus dillərində fəaliyyət göstərən mütəxəssis, psixoloji sağlamlığın hər kəsin haqqı olduğuna inanır və bu yolda öz elmi və insani bacarıqlarını səfərbər edir.
Tags
06 İyul 2025, 17:39