1. Home
  2. Person
Person

Nərgiz Əliyeva: Psixologiya və Şəfanın Kəsişməsində

13 İyul 2025

Təhsil yolculuğuna filologiya ilə başlasa da, Nərgiz Əliyeva həyatın onu aparacağı istiqaməti fərqli sahədə tapdı – insan ruhunun dərinliklərində. Karyerasına Moskvada davam edən Nərgiz, burada Psixoanaliz İnstitutunda “Praktik psixologiya, diaqnostikanın əsasları və şəxsiyyətin psixoloji konsultasiyası” üzrə ixtisaslaşaraq, peşəkar psixoloq kimi fəaliyyətə başladı. Bu mərhələdə o, yalnız nəzəri biliklərlə kifayətlənmədi – geştalt terapiya sahəsində də sertifikat əldə edərək, fərqli yanaşmaları öz təcrübəsinə daxil etdi.

Fərqləndirici xüsusiyyətlərindən biri də məhz budur: o, heç vaxt bir metodla kifayətlənmir, daim psixoterapiyanın müxtəlif istiqamətlərini araşdırır. Bu axtarış onu Ankaraya, Ailə Dizimi Akademiyasına aparır. Burada ailə sistem terapiyasının banisi Bert Hellingerin tələbəsindən dərs alan Nərgiz, bu sahənin incəliklərinə dərindən bələd olur. Daha sonra isə tanınmış rus psixoloqu Mark İfraimovun “Код Жизни” təlim proqramını uğurla tamamlayaraq bu sahədəki biliklərini daha da zənginləşdirir.

Onun peşəkar fəaliyyəti yalnız klassik psixologiya ilə məhdudlaşmır. Paralel olaraq yoga və meditasiya sahələrində də dərin biliklərə sahibdir. Yoga təhsilinin bünövrəsini Hindistanın ruhani mərkəzi sayılan Rişikeşdə qoyan Nərgiz, “Om Shanti Om” yoga aşramında aldığı 200 saatlıq intensiv hazırlıqla beynəlxalq sertifikatlı yoga rəhbərinə çevrilir. Burada həm də qədim şəfalı texnika olan Sadhu terapiyasını öyrənir və bu sahədə də fəaliyyətə başlayır.

Yoga biliklərini daha da inkişaf etdirmək məqsədilə Türkiyənin tanınmış yoga ustadı Çetin Çetintaşın rəhbərlik etdiyi Kio Retreat mərkəzində “İrəli səviyyə – 300 saatlıq” yoga müəllimi proqramını bitirir. Beləliklə, ümumilikdə 500 saatlıq təlim və təcrübəsini tələbələri ilə paylaşaraq, həm müəllim, həm də ilhamverici bələdçi rolunu daşıyır. “Asanalarda çakralar” mövzusunda aldığı təlimlə enerji bədəni və çakra balansı sahəsində də dərin ixtisaslaşma əldə edir.

 

Hazırda Bakıda şəxsi studiyasında psixoloji seminarlar, yoqa və meditasiya workshopları keçirən Nərgiz, eyni zamanda Sadhu terapiyası üzrə təlimlər təşkil edir və tələbələr yetişdirir. Onun fəaliyyəti ölkə sərhədlərini aşaraq, Moskvada yerləşən AMOR Gənclər Təşkilatının tədbirlərində də böyük maraqla qarşılanır.

Özünü daim inkişafda saxlayan Nərgiz, bu gün Hindistanın iki nüfuzlu ruhani rəhbəri – Paramahamsa Vişvananda və Sadhguru-nun yaratdığı yoga məktəbləri ilə əməkdaşlıq edərək, bilik və təcrübəsini daha da dərinləşdirir.

Bütün bu fəaliyyətləri ilə yanaşı, Nərgiz Əliyeva tez-tez Azərbaycan televiziyalarında və radiolarda çıxış edir. O, həm psixoloq, həm də yoga rəhbəri olaraq, əldə etdiyi bilikləri geniş auditoriya ilə bölüşür, psixoloji rifahın və mənəvi balansın təbliğində fəal iştirak edir.