Bu gün xarici görünüş və cəlbedicilik - uğurun müəyyən bir düsturudur. Belə düstura yiyələnmək üçün istedadlı plastik cərrahlar kömək edir. Onların sayəsində gözəllik və fərdilik ortaya çıxır, insanın yalnız görünüşü yaxşılaşmır, həmçinin psixoloji rahatlıq və zehni harmoniya əldə olunur. Tanınmış plastik-estetik cərrah, peşəkar həkim Könül Ağamirova HealthNews-a müsahibədə müasir estetik cərrahiyyədən, təbiiliyin bu sahənin əsas trendi olmasından və işin çətin tərəflərindən danışdı.
- Könül xanım, həkim olmağa nə zaman qərar verdiniz? Niyə məhz plastik cərrahiyyə?
- Həkim olmaq uşaqlıq arzum idi və çox sevinirəm ki, buna nail ola bildim. Düzdür, incəsənət sahələrinə də böyük maraq göstərirdim, amma həkim olmaq istəyi daha güclü idi. Ona görə də yalnız bu peşənin dalınca getdim. 1995-ci ildə Azərbaycan Tibb Universitetinə daxil oldum və “Müalicə işi” (indiki “Tibb”) ixtisasını müvəffəqiyyətlə bitirdim.
Plastik cərrahiyyə, mənim nöqteyi-nəzərimdən, cərrahiyyənin ən yaradıcı hissəsidir. Məsələn, anatomiyanın pasiyentdən pasiyentə fərqlənmədiyi ümumi cərrahiyyədən fərqli olaraq, plastikdəki yaradıcılıq prosesi incəsənətə çox bənzəyir və davamlı olaraq ixtiraçılıq tələb edir. İşimi bir rəssamın işi ilə müqayisə edirəm, hansının ki, əsas vəzifəsi gözəl əsərlər yaratmaqdır.
- Plastik cərrah kimi necə təcrübə qazandınız?
- Ümumilikdə, bu sahədə 15 illik təcrübəyə malikəm. Fəaliyyətim boyu bir çox beynəlxalq və yerli seminar, təlim və konfranslara qatılmışam və hazırda da çalışıram ki, mütəmadi olaraq onlarda iştirak edim. Bu müddət ərzində qardaş Türkiyənin Samsun şəhərində cərrahiyyə üzrə təşkil olunan təkmilləşdirmə kursunu keçdim, İstanbulda keçirilən “Aesthetic İstanbul” konfransında iştirak etdim, o cümlədən Avropanın müxtəlif şəhərlərində baş tutan bir sıra təlimlərə qatıldım. Nəzəri, eləcə də praktiki bacarıqlarımı artırıb üz, bədən, süd vəziləri üzərində müxtəlif plastik əməliyyatlar aparmaqda geniş təcrübə qazandım və nəticədə bu əməliyyatların icra olunmasında öz konsepsiyamı formalaşdırdım.
- Sizin fikrinizcə, cərrah hansı keyfiyyətlərə malik olmalıdır?
- İlk olaraq onu deyə bilərəm ki, plastik cərrahın müəyyən bir estetik zövqü olmalıdır və optimal nəticəni artıq öncədən görməlidir. İkincisi, cərrah hər bir pasiyentə individual yanaşmalı və ona hansı prosedurların lazım olmasını başa düşməlidir. Üçüncüsü, bilik və təcrübəyə əsaslanan peşəkarlığı olmalıdır. Fikrimcə, bu keyfiyyətlər olmadan plastik cərrahiyyə ilə tam olaraq məşğul olmaq mümkün deyil.
- Hansı plastik əməliyyatları və prosedurları həyata keçirirsiniz və bunların arasında üstünlük verdiyiniz varmı?
- Bütün növ estetik-plastik əməliyyatları, eyni zamanda bütün kosmetoloji prosedurları həyata keçirirəm. Ən çox üstünlük verdiyim əməliyyatlar isə liposaksiya, lipofillinq və abdominoplastikadır.
- Çalışdığınız sahənin çətinliyi nədən ibarətdir? Nəyə daha çox diqqət yetirmək lazımdır?
- Çətinlik ondadır ki, müxtəlif psixologiyaya malik insanlarla işləyirəm və çalışıram ki, bütün pasiyentlər gördüyüm işdən razı qalsın. Məsələ burasındadır ki, plastik cərrah həm də psixoloqdur. Pasiyent ilə qarşılıqlı anlaşma yaratmaq, hansı nəticəyə can atdığını başa düşmək lazımdır. Çox şey güvəndən asılıdır. Əgər bu yoxdursa əməliyyatı saxlamaq və ya onu xəstə dəqiq bir qərar qəbul edənə qədər təxirə salmaq daha yaxşıdır. Yaxşı ki, mənim praktikamda belə hallar çox az olur. (gülür) Düşünürəm ki, xəstənin gözləntilərinin cərrahın vədlərinə uyğun olması çox önəmlidir.
- Xarici həmkarların təcrübəsi ilə müqayisədə ölkəmizdə plastik cərrahiyyəsi hansı səviyyədədir?
- 2000-ci illərin əvvəlinə baxdıqda son illər ölkəmizdə bu sahə sürətlə inkişaf edir. Tibbin bu istiqaməti üzrə artıq ayrıca kafedra da yaradılıb. Bu çox sevindirici haldır. Amma bütün bunlara baxmayaraq, avropa ölkələri ilə yanaşı bizdə bu sahə çox yenidir.
- Maraqlıdır, indi plastik cərrahiyyənin əsas tendensiyaları nələrdir? İlk növbədə qadınlar özlərində nəyi dəyişmək istəyirlər?
- Mənə elə gəlir ki, təkcə qadınlar haqqında deyil, ümumi tendensiyalar haqqında danışmaq daha doğru olar. Hər kəs sağlam həyat tərzi sürməyə və gözəl görünməyə çalışır. Qırışların olmaması, gözəl görünüş, gözəl bədən forması - bunların hamısı uğurlu bir insan üçün yaxşı iş və ya keyfiyyətli geyim qədər çox vacibdir. Xanımların əksəriyyəti yalnız gözəl deyil, həm də ən təbii formaları əldə etmək istəyir. Ümumiyyətlə, yaşlanmaq istəməmək, gözəl və təravətli görünmək hər zaman trend olub (gülür).
- Sizin uğurlarınızın sirri nədədir ?
- İnsan daxilində bir birlik, bir harmoniya yarada bilmirsə, beyinlə ruhunun sintezi yoxdursa, heç bir uğurdan danışmaq olmaz. Mənim uğurumun sirri isə çox sadədir – işimi çox sevməyim və çalışdığım sahədə yeniliklər tətbiq etməyimdir.
- Gələcək planlarınız nədən ibarətdir?
- Əslində, planlarım çoxdur. Ancaq açıqlamağı düşünmürəm, çünki onları həyata keçirməm üçün enerjim azalar (gülür).
- “Millionaire Concept Network”ə necə qoşuldunuz? Bu biznes platforması haqqında nə düşünürsünüz?
- Millionaire Concept Network-dan təklif gəldi və mən də maraqlanıb gördüm ki, tədbirləri zövqlü və səviyyəli şəkildə təşkil olunur. Düşündüm və razılıq verdim.
- Maraqlı söhbət üçün sizə təşəkkür edirik. Oxucularımıza hansı arzularınız və tövsiyyələriniz var?
- Həm görünüşünüzdə, həm də həyatınzda çox şeyi dəyişdirə biləcəyinizə inanmaq lazımdır. Hər zaman sağlam olasınız, üzünüzdən təbəssüm əskik olmasın.
Tags
15 Yanvar 2022, 00:23