Böyük təcrübəyə malik, bir çox ailənin xoşbəxtliyinə səbəb olan "German Hospital"ın doğum şöbəsinin müdiri, mama-ginekoloq Əziz Rəfibəyli Azərbaycanın bir nömrəli həkimlərindəndir. Tibb sahəsində qazandığı uğurlu nəticələri ilə seçilən həkim daim biliklərini artıraraq bir çox seminar və təlimlərdə iştirak edir. Fəaliyyəti ilə bağlı Health News-a fikirlərini bölüşən Əziz Rəfibəyli ginekologiya sahəsinin çətin tərəflərindən danışdı.
- Niyə məhz bu sahəni seçdiniz?
"Mənim ailəmdə hər kəs həkimdir. Bizdə artıq 5-ci nəsildir ki, həkimlik peşəsini uğurla davam etdirir. Bu səbəbdən mən də bu ənənəni davam etdirməyə qərar verdim. Tibb Universitetinin 5-ci kursunda isə artıq ginekologiya sahəsini seçdim. Çox çətin və məsuliyyətli peşədir. Çünki təkcə bir nəfərin həyatına cavabdeh olmursan".
- Sizcə həkimin ən böyük uğuru nədir?
"Çox çətin sahə olsa da, uzun müalicələrdən sonra bir ailənin uşaq sahibi olduğunu görmək möhtəşəm hissdir. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Həkimin ən böyük uğuru məmnun qalan pasiyentləridir. Müalicəyə, doğuşa və ya əməliyyata görə sənə minnətdar olurlar, illər keçsə də səni unutmurlar. Məncə, ən böyük xoşbəxtlik və uğur məhz budur".
- Gələcək planlarınız nədən ibarətdir?
"Mənim bir devizim var - İnkişaf etmək və sadəcə irəli getmək. Bizim sahədə arxada qalmaq olmaz. Həkimlər daima özlərini inkişaf etdirirlər, öz sahəsində müasir üsullardan istifadə edirlər. 27 ildən çoxdur ki, bu sahədə çalışıram, artıq öz metodalarım formalaşıb. Heç bir həkim "hər şeyi bilirəm, hər şeyi edə bilərəm" - deyə bilməz. Buna görə də, biz həmişə öyrənirik, inkişaf edirik, həmkarlarımız ilə fikir mübadiləsi apararaq təcrübələrimizi bölüşürük. Gələcəklə bağlı planlarım isə öyrənmək, öyrənmək və sadəcə öyrənməkdir. Daha sonra övladlarıma təhsil verməkdir. Ümid edirəm ki, uşaqlarım da bizim yolumuzu davam etdirərlər".
- "Global Health Awards" layihəsi ilə bağlı təəssüratlarınız necə oldu?
- "Layihə ilə bağlı fikirlərim çox əladır. Çox yaxşı və maraqlı keçdi. Təşkilatçılığa gəldikdə isə, möhtəşəm idi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Layihə zamanı hər kəsə böyük diqqət göstərildi və individual yanaşıldı. Bir sözlə hər şey çox möhtəşəm idi".
Tags
15 Fevral 2022, 16:25