1. Home
  2. Psixologiya
Psixologiya

“Bu gün insanlar Allahdan çox insanlardan qorxurlar”- Babək Bayramov

29 Noyabr 2022

Həmsöhbətimiz Neyro Assosiativ Transformasiya  (NAT) üzrə     mütəxəssis, psixoloq Babək  Bayramovdur. İşinin peşəkarı olan  psixoloqla cəmiyyətimizdəki problemlər və insan psixologiyası ilə bağlı maraqlı məqamları müzakirə etdik.

 

Babək bəy, uşaqlıq travmalarımız, şüuraltında qalan informasiya qeyri-ixtiyari olaraq sonrakı həyatımıza təsir edir. Gələcəyimizim bu travmaların qurbanı olmaması üçün nə etməliyik?

 

-Bugünki yaşamımızın, davranışımızın, etdiklərimizin hamısının kökündə əvvəldən öyrəndiklərimiz durur. Bu, ana bətnindən başlamış bu günə kimi olan dövrü əhatə edir. Travmalarımızın böyük hissəsi uşaqlıq dövründə qazanılanlardır. Bəzən  həyatımızda travma hesab etmədiyimiz şeylər belə travmadır. Necə bir insan olacağımız əsasən keçmişdə yaşadıqlarımızdan asılı olaraq formalaşır.  Təbii ki, ailə tərbiyəsi, mentalitet, məktəbdə öyrənilənlər və  sosial şəbəkələrin də burda danılmaz rolu var. 

 iki valideyinin söhbəti zamanı uşaq, birinin o birinə: “Sən bilirsən mən nə zülmlə pul qazanıram? Onu nəyə görə aparım filan yerə verim”. Yaxud: “Bu qədər əziyyət çəkirəm, qarşılığında aldığım pul yetmir”. Uşaq bu sözləri eşidir və nəticədə  pulla zülm, əziyyət sözlərini  eyniləşdirir. Bu gün insanların ən böyük problemi özdəyər problemidir. İnsanlarda özdəyər əksikliyi, dəyərsizlik duyğuları var. Bunun da kökündə  uşaqlıq travmaları durur. Uşaqlıqda hər hansı situasiyada səni  başqaları ilə müqayisə ediblər: “Camaatın da uşağı var” yaxud “Bu uşaqdır, bunun yanında heç nə danışmaq olmaz”, “Böyük olan yerdə səsini çıxartma”. Bu kimi ifadələr böyüyəndən sonra insana dəyərsiz olduğunu hiss etdirir. Bu gün insanlar əsasən özgüvənini artırmağa çalışır, məsələ isə özdəyərini artırmağa çalışmaqdır. Özdəyərsizlik şüuraltının çox dərin qatlarında gizlənir və  hər addımda,  hər münasibətdə özünü büruzə verir. İnsanda özdəyərin aşağı olub-olmadığını onun davranış və danışığından bilmək olar.

Bu gün Amerika istehsalı olan hər hansı filmdə atanın oğul ilə danışarkən aşağı əyilib onunla bir boy səviyyəsində dayanması əslində sosial mesajdır. Ata özünü balaca oğlu ilə eyniləşdirərək ona verdiyi dəyəri göstərir. Əslində özünə dəyər verməyən insan başqasına da dəyər verə bilməz. Bu da başqa problemləri özü ilə birgə gətirir.

Son zamanlarda kişi xəyanətlərindən daha çox qadın xəyanətləri gündəmə gəlir. Qadınlar niyə xəyanət edir?

 

Kişi xəyanətləri ilə yanaşı qadın xəyanətləri də hər dövrdə mövcud olub.  Bunu ən azından mənə müraciət edən pasientlərdən bilirəm. Sadəcə əvvəllər baş verənlər indiki kimi sosial şəbəkələrdə nümayiş olunmurdu. Son zamanlar bu kimi halların artması onun normallaşdırılması deməkdir. Artıq cəmiyyətdə bu kimi hallara qarşı  bir immunitet yaranır. Məsələn əvvəllər qadınların şalvar geyinməyinə qəribə baxılırdı. Lakin şalvar geyinənlərin sayı artdıqca bu hal normallaşdı. Cəmiyyət şalvar geyən qadını qəbul etdi. Çünki sıxlıq yarandı. Sistem getdikcə daima xaotikləşir. Hər xaosun içində  isə bir nizam var. İnsanın etdiyi ən pis şey belə onun üçün ən yaxşı seçimdir. Hər şeyin kökündə o durur ki, insan özün yaxşı hiss etmək istəyir. Özünü yaxşı hiss etdirən şeyləri isə bəzən ətrafdakılarla bölüşmək olmur. Çünki bu gün insanlar, Allahdan çox insanlardan qorxur.

Beləliklə milli mənəvi dəyərlər deqradasiyaya uğrayır. Ailəvi münasibətləri qorumaq üçün insan psixologiyasına yaxşı bələd olmaq və programı ona uyğun qurmaq lazımdır. Qarşımızdakı insanın psixikasına uyğun dialoqa girməyi bacarmalıyıq.

Mental dəyərlər şəxsiyyət kimi formalaşmağımıza mənfi təsir göstərir. Mentalitet insanların özünü cəmiyyətə təqdimetmə şəklidir. Gerçəklər isə tamamilə fərqli ola bilər. Bu tabudan çıxmaq üçün cəmiyyətdə hansı maarifləndirmə işləri aparılmalıdır?

 

Əxlaq anlayışının hər bir insanda olması mütləqdir. Əgər  bu anlayış məhv olarsa, cəmiyyətin şəkli dəyişər. Bu gün valideynlərin ən böyük qorxusu: “Uşağımı necə tərbiyə edim?” Çünki  əvvəlki cəmiyyətlərdə insanlar övladlarını həmin cəmiyyətlərə uyğun yetişdirirdi. Əsrlər boyu işə yarayan qayda  indi heç bir işə yaramır. Meqapolis həyatı, postpandemiya dövrü informasiya dövrünü sonlandırır, indi müdriklik dövrü başlayır. Elə bir dövrdə yaşayırıq ki, insan psixologiyasından mütləq başın çıxmalıdır. Qədim adət-ənənələrlə artıq cəmiyyəti idarə etmək mümkün deyil.

 

 

Polemika zamanı ailə münasibətlərində, iş həyatında  geridönüşü olmayan yola girməmək üçün emosialarımızı necə cilovlaya bilərik?

 

Dağılmayacaq ailə yoxdur, həmçinin qurulmayacaq ailə də yoxdur. Bu eyni zamanda bütün münasibətlərə aiddir. Münasibətlərin konkret düsturu yoxdur. Dünyada nə qədər insan varsa, bir o qədər də, psixika var. Bu məqamda  hər kəsə  Neyro Assosiativ Transformasiya (NAT) treninqinə qoşulmağı tövsiyə edirəm. Bu  treninq qarşı tərəfi anlamağa, qarşılıqlı ünsiyyətə girməyə, stressi idarə etməyə yardımçı olur. Hər bir insan şəxsiyyətən əvvəl fərddir. Bu gün insanlar arasındakı keçimsizliyin əsasında biz az əvvəl qeyd etdiyimiz  özdəyər problemi durur. Özdəyər problemləri ünsiyyət problemi yaradır, ünsiyyət problemi isə keçimsizlik yaradır. Ailə münasibətlərində  tərəflərdən birinin dilə gətirdiyi xırda bir narazılığa görə qarşı tərəfdə güvənsizlik yaranır. Və qarşı tərəf psixoloji minaya düşür. Bu minaların bir neçəsi basdırılsa da, sistem bəlli bir limiti keçdikdən sonra partlayış baş verir. Və nəticə olaraq bunlar cəmiyyətə- bizim toplum olaraq inkişafımıza mane olur. Nə qədər inkar etsək də biz fərd olaraq  cəmiyyətin bir hissəsiyik. Öz davranışlarımızla sistemə neqativ yaxud pozitiv təsir edirik.

 

Din, insan beyninə təsir edən  güclü psixoloji faktor olduğu üçün əsrlər boyu toplumların idarə olunmasında  vasitə kimi istifadə olunub. Gerçək olan isə odur ki, kainatda bir enerji mübadiləsi var. Hansı ki, fərqli görüşlərdə fərqli adlarla ifadə olunur:  Allah, karma, bumerang, evren. Bəs gerçəklər nədən ibarətdir?

 

Kainata mesajların verilməsi bir az metforik yanaşmadır. Hər bir insan sosial və bioloji, eyni zamanda psixoloji varlıqdır. Əslində hər şeyin kökündə  şüuraltı durur. İnsanların inancları müəyyən duyğular yaradır. Bu duyğular şüuraltı səviyyədə gerçəkləşir. Dünyanın idarə olunmasında belə şüuraltının gücündən istifadə olunur. Şüuraltının gücü möcüzələr yarada bilir. Dünya miqyasında bununla bağlı təsdiqini tapmış örnəklər çoxdur. “Plasebo effekti”ni buna misal çəkə bilərik. Həkim xəstəyə içi şəkər dolu  preparatı  “güclü dərman” adı ilə verir.  Xəstə bu preparatın  gerçəkdən də güclü dərman olduğuna inanaraq, onu içib sağalır. Halbuki o  ümumiyyətlə dərman deyildi. İnanc şüuraltı səviyyədə fəaliyyət göstərən bir sistemdir. Bu gün insan energetikası hər şeyi əhatə edir. İnancları dəyişəndə energetika dəyişir. Məsələn şanslı olduğuna inanan insanlar şanslı olur. “İnancımı dəyişdim” deyərək inancını dəyişə bilmərsən. Bu ilk növbədə bədəndə dəyişməlidir. Çünki bütün bədən zehindir. Yaxud hər hansı bir travmanı xatırlayanda görürük ki, mədədə ağrı baş qaldırır. Səbəb odur ki, bədən fərqli-fərqli yerlərə informasiya kodlaya bilir. Zehniyyətlə bədən bərabər işləyən sistemdir. İnsan “Mən özümü yaxşı hiss edirəm” deyə bilər, amma bədən onu demirsə bu mümkün deyil. Cəmiyyətin idarəolunması üçün energetikaya inanmaq lazımdır.

 

Hər bir insanın həyatında onun inkişafına mane olan özünəməxsus qorxuları olur. Qorxularımızı necə yenək?

 

Qorxu insana psixoloji təsir edən neqativ haldır. Qorxularımızı yenməsək həyatda istədiyimizə nail ola bilmərik. Qorxularımız təmizlənəndən sonra qarşımızdakı insanın davranışları da, dəyişir. Məsələn:  “Həyatıma kim çıxırsa hamısı məni atır” deyən bir insanın  qarşısına ən yaxşı insan çıxsa belə, yenə onu atır. Bunun kökü insanın özündədir. Bu insanın şüuraltı gözləntiləri ilə əlaqədardır. Bu psixologiyada “Piqmalion effekti” adlanır.

 

Zaman geri qayıdan məfhum deyil. Bəzən keçmişdə etdiklərimiz yaxud etmədiklərimiz üçün özümüzü qınayırıq, özümüzə dayanmadan suallar veririk. Keçmişin təsirindən çıxıb, yola davam etmək üçün nə etməliyik?

 

Əslində insanın özünə sual verməyi çox yaxşı haldır.Lakin əksər hallarda  insanlar özlərinə onları gücləndirəcək suallar vermirlər.İnsan özünə onu zəiflədəcək suallar verdikcə eyni cür də cavablar tapacaq. “Bu mənim başına niyə gəldi?” əvəzinə “Mən bunu necə həll edə bilərəm?” sualı versələr  onlar üçün daha faydalı olar. Ətrafda nə baş verdiyi önəmli deyil, önəmli olan baş verənlərə necə reaksiya verməyimizdir. Stressə qarşı qoruyucu yastıqlarımızı gücləndirməliyik. Bir problemin həlli varsa narahat olmağa dəyməz, həlli yoxdursa narahat olmaq mənasızdır. Bu stressi lüzumsuz edən amildir. Davamlı stress beyni kiçildir və insanı zəiflədir. Təbii olaraq  şəhər insanının problemi, kənd insanından daha çoxdur.  Cəmiyyətimizdə betonlaşma gedir. Bu prosesi modernləşmə adlandırsaq da əslində betonlaşmadır.

Dəyərli psixoloqumuz Babək Bayramova səmimi söhbəti üçün təşəkkür edirik!