1. Home
  2. Interview
Interview

"Süni mayalanma zamanı gənc qadınların aldığı hormonal müalicələr süd vəzi xərçənginə səbəb olur"- Dr. Kəmalə Rəhimova

27 Oktyabr 2023

Son illərdə riskli və sürətlə yayılan xəstəliklər arasında süd vəzi xərçəngi ön sıralarda gəlir. Qadınların “qorxulu yuxusu” olan bu xəstəlik haqda bilmədiklərimiz və bilməli olduqlarımız haqda onkoloq, mamoloq Dr.Kəmalə Rəhimova  danışdı:

Son zamanlar qadınlar arasında süd vəzi xərçənginin artma  səbəbləri nədir?

Bəli süd vəzi xərçəngi həm geniş yayılıb, həm də cavanlaşıb. Hətta yeniyetmə qızlarda belə rastlanır. Yaranma səbəblərinə gəldikcə isə birinci yerdə stress dayanır. Daha sonra isə hormonlarda baş verən dəyişikliklər, yediyimiz konserogen fast food qidalar, ətraf mühit, şüalanma bu xəstəliyin yaranma səbəbi ola bilər. Ümumilikdə isə biz onkoloqları çox narahat edən odur ki, qadın xəstəlikləri arasında birinci yerdə süd vəzi xərçəngi durur. Süd vəzi xərçənginin mənfi cəhəti odur ki, özünü gec büruzə verir. Bu xəstəliyin inkişafı ağrısız getdiyi üçün yayıldıqdan sonra özünü göstərir. Buna görə də hər bir xanım müntəzəm olaraq yoxlanışdan keçməlidir ki, orqanizmində baş verən prosesləri vaxtında aşkarlaya bilsin.

Süd vəzi xərçənginin əlamətləri hansılardır?

Əsas problem elə ondadır ki, süd vəzi xərçəngi heç bir əlamət vermir. Əl ilə hiss olunan düyünlər yarandıqda üzə çıxır. Buna görə də hər bir xanım ilk növbədə özü öz həkimi olmalıdır. Döşlərdə baş verən fiziki dəyişikləri nəzərdə saxlamalıdır. Ələ dəyən düyünlər, içəriyə doğru batan döş gilələri, portağal qabığı kimi qalınlaşmış döş dərisi. Bunlar süd vəzi xərçənginin əlamətləridir. Nadir hallarda ağrı da verə bilər.

Süd vəzi xərçənginin müalicəsinə gec qalmamaq üçün hansı qabaqlayıcı addımları atmaq lazımdır?

Bildiyiniz kimi oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Bu ay çərçivəsində bizim bir neçə böyük şirkətlə birgə layihələrimiz oldu. Süd vəzi xərçənginə yoluxmamaq üçün nə etmək lazımdır? Biz bu xəstəliyin müalicəsindən öncə istəyirik ki, xanımlar bu xəstəliyə ümumiyyətlə tutulmasın. Bunun üçün də hər bir xanım və biz onkoloqlar əhatəmizdə olan bütün xanımları maarifləndirməliyik  ki, vaxtında yoxlanışdan keçmək lazımdır. Qeyd edim ki, süd vəzi xərçəngini vaxtında aşkarlayanda tamamilə sağala bilər. Buna görə də xanımlar ayda bir dəfə aybaşı tsiklindən sonra əl ilə süd vəzlərini yoxlamalıdırlar. Bu yoxlanışın düzgün aparılması barədə mən sosial şəbəkədəki hesabımda maarifləndirmə aparıram. Amma elə düyünlər var ki, müayinədən keçmədən aşkarlamaq mümkün deyil. Şikayəti olmasa belə hər bir xanım ultrasəs müayinəsi və ildə bir dəfə mammoqrafiya müayinəsindən keçməlidir.

Süd vəzi xərçəngi kişilərdə rastlanırmı?

Bəli kişilərdə bu xəstəlik daha çox xoş xassəli şişlər şəklində rast gəlinir. Bu daha çox idmanla məşğul olan və xüsusi dərmanlar qəbul edən kişilərdə olur. Döş tərəfdən alınan zədələrdə də bu xəstəlik yarana bilər. Qadınlardan fərqli olaraq kişilərdə süd vəzi xərçəngi daha aqressiv olur. Çünki onlarda süd vəzi toxuması yoxdur deyə birbaşa metastaz verir.

Bu xəstəliklə bağlı hansı yaş aralığında olan qadınlar daha çox müraciət edir?

Əvvəllər yaşlı xanımlara məsləhət görürdük mamoqrafiyanı, indi isə hətta 12-13 yaşlı yeniyetmə qızlara da tövsiyyə edirik. Analar bu məsələdə yeniyetmə qız övladlarına xüsusilə diqqətli olmalıdırlar. Təcrübə göstərir ki, gənc və subay xanımlar süd vəzi xərçəngindən dünyasını dəyişə bilər və əksinə  yaşlı xanım tamamilə sağala bilər.

Hamilə qadınlarda süd vəzi xərçənginə rast gəlinirmi?

Bəli hamilə qadınlarda da süd vəzi xərçənginə rast gəlinir. Süni mayalanma nəticəsində cavan qızlar çoxlu hormonal müalicələr alırlar və bu da döşdə xərçəngə səbəb olur. Ginekoloji hormonal müalicə alan hər bir xanım mütləq süd vəzi yoxlanışında olmalıdır.

Süd vəzi xərçəngində risk qrupuna kimlər daxildir?

Zob xəstəliyi, ginekoloji problemi olanlar xüsusilə müayinələrini ehmal etməməlidirlər. Ana xətti ilə nəsildə süd vəzi xərçəngi olan xanımlar risk qrupundadır. Bundan əlavə spirtli içkilər, siqaret və stress digər xəstəliklərə olduğu kimi süd vəzi xərçənginə də mənfi təsir edir.