"Pulu necə idarə edəcəyimiz və pula aid baxışımız çox önəmlidir".
Bu sözləri Healthnews-a motivator və həyat məşqçisi Sabina Nəsibova deyib.
"Bəzi insanlar pul xərcləyəndə sevinir. Ehtiyacı olmayan şeylərə xərcləyir və ay sonunda yenə sıfırda və ya borcların içində qalır. Ümumiyyətlə 60 faiz insanlarda borc psixologiyası müşahidə olunur. Bu psixologiya o qədər dərinləşir ki, beyinlərində borcsuz qala bilmirlər.
Xüsusi texnikalar ilə insanlara təsir edərək onların borclardan qurtulmasına kömək edirik.
Bəzi insanların isə pul ilə bağlı neqativ düşüncələri olur. Onlar bunu təkzib etsələr də, şüuraltlarında bu belədir. Hətta bunu davranışları ilə də təsdiq edirlər.
Belə insanlar böyük addımlar atmaqdan, çox pul qazanmaqdan qorxur. Təbii ki, buna uşaqlıqda yaşadıqları mühit və psixologiya təsir edir. Bu hadisələr uşaqlıqdan şüuraltında travma olaraq qalır və yenidən eyni şeyləri yaşamaqdan qorxduqlarına görə yeni addımlar ata bilmirlər. Şüuraltından bu qorxuları təmizlədikdən sonra həyat daha da asanlaşır. Daha rahat, daha cəsarətli addımlar ata bilir və irəli gedə bilirlər.
Uğur qazanmağımıza mane olan məqamlardan daha biri isə, səhv etmək qorxusudur. Uğursuz olaram, bacarmaram, məndə alınmaz, səhv edərəm qorxularına görə heç bir addım atmırlar. Amma digər tərəfdən biz başa düşməliyik ki, uğur qazananların demək olar ki, hamısı gəldikləri yerə yüzlərlə, minlərlə səhv edərək, uğursuzluqlara düçar olaraq gəliblər".
Sabina Nəsibova həyatdaki yeganə problemin çıxış yolu axtarmamaq olduğunu vurğulayıb:
"Məni “uğurlusan, şanslısan” adlandırdıqlarında bunu bir az təhqir kimi də qəbul edirəm. Çünki bu mənim əməyimi dəyərsizləşdirir. Mənim də bilmədiyim nələrsə, uğursuzluqlarım, alınmayan addımlarım, cəhdlərim var idi. Lakin daim həll yolu axtarışında olmuşam. Uğursuz olduğum məqamlarda digərlərindən fərqli olaraq etdiyim o idi ki, bilmədiyim, bacarmadığım şeyləri müəyyən edirdim və onları öyrənməyə çalışırdım. Yerli, xarici ekspertlər taparaq onlarla mütaliə edirdim.
Şəxsi fikrimcə, uğurlu insanla uğursuz insan arasındaki yeganə fərq, uğurlu insanın bilmədiklərini davamlı öyrənmə cəhdləridir.
Hər hansısa bir problemi sağaltmaq metodunu bilmiriksə, buna aid bir fikrimiz yoxdursa, o zaman bu problem olaraq qalacaq. Həll yolunu bilmiriksə daim axtarmalıyıq, bunu bilən insanlarla məsləhətləşməliyik. Əks halda həll edə bilməyəcəyik və geri çəkilmək, məğlubiyyətimizi qəbul etmək məcburiyyətində qalacağıq".
Tags
16 Dekabr 2021, 03:27