1. Home
  2. Medicine
Medicine

“Artıq Azərbaycanda da qeysəriyyə əməliyyatı sonrası normal doğuş mümkündür”- Dr. İranə Qorçiyeva

08 May 2023

Ginekologiya qadın xəstəliklərinin qarşısını almaq və qadın sağlamlığını qorumaq üçün tibbin ixtisaslaşmış sahəsidir. Ginekoloji sağlamlıq qadınların özünü ruhən və cismən gümrah hiss etməsi üçün vacib faktordur. Ginekologiyanın mühüm sahələrindən biri də mamalıqdır. Qadının anaya dönüşümündə bu iki sahə bir-biri ilə sıx bağlı əlaqədədir. Ölkəmizdə bu sahədə beynəlxalq təcrübəli həkimlərdən biri də Dr. İranə Qorçiyevadır.

Həkim ginekoloq İranə Qorçiyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, Azərbaycan Tibb Universitetinə qəbul olur.  Gənc qız uşaqlıq arzusuna-ağ xalata qovuşur. Tibb Universitetini bitirdiktən sonra o mama-ginekologiya üzrə ixtisaslaşır və 2012-2017-ci illərdə Rezidentura təhsilini Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda alır.

Daha sonra İranə Qorçiyeva Türkiyədə İstanbul şəhəri Bezmi Aləm Vakıf Universitesi xəstəxanasında Qadın xəstəlikləri və Doğum ixtisası üzrə özünü təkmilləşdirir. Türkiyə təhsili onun gələcək karyerasının formalaşmasında növbəti və önəmli addımlardan biri idi. Həmin dövrdə gənc həkimin xarici jurnallarda elmi araşdırmaları və məqalələri dərc olunur.

Tibdə bir qeysəriyyə əməliyyatı keçirdinsə sonrakı hamiləliklərdə yalnız qeysəriyyə yolu ilə ana ola bilərsən deyə bir deyim var. Bu fikir artıq tarix olur. Dr.İranə Qorçiyeva Türkiyədə uzmanlıq təhsili müddətində 100dən çox xəstədə qeysəriyyə sonrası normal doğuş edərək bu sahədə elmi araşdırma aparmış və uyğun xəstə qrupları və xəstəxana şəraitində daha öncə qeysəriyyə əməliyyatı keçirən qadınların növbəti hamiləliyində  normal doğuş edə biləcəyini göstərmişdir. Bu təkrar qeysəriyyə əməliyyatına bağlı bağırsaq, sidik kisəsi, qanaxma və s. kimi ağırlaşmaların qarşısını almaq üçün önəmli bir araşdırmadır.

Türkiyədə olduğu müdət ərzində o, normal və qeysəriyyə doğuşları, riskli hamiləliklərin aparılması, ginekologiya və mamalıq üzrə yüzlərlə açıq və qapalı cərrahi əməliyyatlar həyata keçirib.

2022-ci ildə Türkiyədə uzmanlıq təhsilini başa vuraraq Vətənə dönən Dr. Qorçiyeva artıq bir ildən çoxdur ki, fəalliyətini Azərbaycanda davam etdirir. Hazırda Liv Bona Dea Hospitalda çalışan həkimin fəaliyyətində əsas istiqamət keçmiş müayinə və müalicə üsullarındakı yanlış alqıları aradan qaldırmaqdır. Müasir üsullarla sonsuzluğun müalicəsi, doğuş, qeysəriyyə, bir sıra ginekoloji, laparoskopik və histeroskopik əməliyyatlar onun fəaliyyətində ön plana çıxır.