Müasir həyat tərzi insanlarda psixoloji dəstəyə olan ehtiyacı getdikcə artırır. Yeni dünya reallıqları, sosial medianın təsiri və sürətli yaşam tempi bəşəriyyətin mental sağlamlığı üçün ciddi risklər yaradır. Bu fondda psixologiya stresslə mübarizədə və həyat keyfiyyətinin yüksəldilməsində əsas istiqamətlərdən biri kimi ön plana çıxır.
Müsahibimiz peşəkar psixoloq və yoga instructoru Nərgiz Əliyevadır.
Nərgiz Əliyeva kimdir?
Nərgiz Əliyeva:
Mən psixoloq və geştalt terapevtəm. Eyni zamanda Hindistan, Bali və Türkiyədə 500 saatdan artıq təlim keçmiş beynəlxalq dərəcəli yoga instructoruyam. Moskva Psixoanaliz İnstitutunda Psixologiya üzrə ali təhsil almışam. Peşəkar fəaliyyətim ərzində 1500-dən çox insanın həyatında müsbət dəyişikliklərin şahidi olmuşam.
Yoga həyatınıza necə daxil oldu və hansı növlərlə məşğul olursunuz?
Nərgiz Əliyeva:
Yoga ilə 2018-ci ildə öz mental sağlamlığımı qorumaq məqsədilə məşğul olmağa başladım. Müsbət təsirini gördükcə bu sahəni daha dərindən öyrənmək və insanlarla bölüşmək istədim. Bu məqsədlə yoganın vətəni olan Hindistana gedərək 200 saatlıq beynəlxalq yoga instructoru təhsili aldım. Hazırda hatxa yoga dərsləri keçirəm. Şəxsi praktikamda isə hatxa ilə yanaşı kundalini və aştanqa yoqa tətbiq edirəm.
Yoga insan psixologiyasına təsir edirmi, yoxsa sadəcə fiziki məşqdir? Psixologiya və yoganı birləşdirən cəhətlər hansılardır?
Nərgiz Əliyeva:
Yoganın insan psixologiyasına təsiri danılmazdır. Onu sadəcə bədən tərbiyəsi kimi təqdim etmək doğru olmazdı. Yoga bədən, zehin və emosiyaları vahid sistem kimi işlədən çoxşaxəli bir praktikadır. Elmi tədqiqatlar göstərir ki, yoga sinir sisteminə birbaşa təsir edərək stress hormonlarını azaldır, diqqəti və emosional tənzimi gücləndirir.
Meditasiya və nəfəs texnikaları vasitəsilə zehni tərbiyə etmək, gərginlik və stressi azaltmaq mümkündür. Psixologiya ilə yoganı birləşdirən əsas körpü fərqindəlikdir. Psixologiya bunu terapiya yolu ilə, yoga isə meditasiya, asanalar və nəfəs texnikaları ilə təmin edir. Mənim praktikamda bu iki sahə bir-birini tamamlayır: psixologiya şüurla işləyir, yoga isə şüurun bədəndəki təzahürünü gücləndirir.
XX əsrin tanınmış psixoloqu Eric Berne insan ünsiyyətinin “oyunlar” üzərində qurulduğunu deyirdi. İnsanlar niyə bu oyunları oynayır?
Nərgiz Əliyeva:
Eric Berne-in “oyun” anlayışı gündəlik münasibətlərdə şüuraltı şəkildə təkrarlanan davranış modellərini ifadə edir. İnsanlar emosional ehtiyaclarını açıq şəkildə ifadə edə bilmədikləri üçün bu oyunlara əl atırlar. Bu davranışlar insana təhlükəsizlik və haqlı olmaq hissi versə də, sağlam və yetkin münasibətlərin qurulmasına mane olur. Psixoloji inkişaf bu oyunları fərq etmək və daha açıq, dürüst ünsiyyətə keçə bilməkdən başlayır.
Psixoloji dəstək əvvəllər cəmiyyətdə birmənalı qarşılanmırdı. Bugünkü vəziyyəti necə dəyərləndirirsiniz?
Nərgiz Əliyeva:
Bu gün vəziyyət xeyli müsbət istiqamətdə dəyişib. İnsanlar artıq psixoloqa müraciəti zəiflik deyil, özünə qayğı və məsuliyyət kimi qəbul edirlər. Xüsusilə gənc nəsildə psixoloji savadlılıq artıb. Stereotiplər hələ tam aradan qalxmasa da, ən önəmlisi odur ki, insanlar problemlə tək qalmaq istəmirlər və kömək istəməkdən çəkinmirlər.
Narsizm haqqında cəmiyyətdə çox danışılır. Doğru bilinən yanlışlar nələrdir və ilk əlamətlər hansılardır?
Nərgiz Əliyeva:
Narsizm ən çox yanlış anlaşılan psixoloji anlayışlardan biridir. Geniş yayılmış fikir budur ki, özünü sevən hər kəs narsistdir. Halbuki narsizm bir spektrdir və müəyyən narsistik xüsusiyyətlər sağlam özünə dəyərin tərkib hissəsi ola bilər.
Ən böyük yanlış isə narsistlərin özlərini həqiqətən sevdikləri düşüncəsidir. Klinik baxımdan narsistik şəxsiyyət pozuntusunun kökündə dərin dəyərsizlik hissi, tərk edilmə qorxusu və güclü təsdiq ehtiyacı dayanır. Belə insanlar xaricdən özünə güvənli və iddialı görünsələr də, daxilən çox kövrək bir mənlik strukturuna sahib olurlar. Buna görə də tənqid onlar üçün sadəcə fikir deyil, psixoloji təhlükə kimi qəbul olunur.
İlk əlamətlərə empatiya çatışmazlığı, daim diqqət və tərif gözləmək, münasibətlərdə idealizasiya və sonradan dəyərdən salma, məsuliyyətdən yayınma, tənqidə aqressiv reaksiya, manipulyasiya və emosional istismar meyli daxildir. Burada əsas məqam ondan ibarətdir ki, narsistik xüsusiyyətlərlə narsistik şəxsiyyət pozuntusu eyni anlayış deyil. Diaqnoz yalnız mütəxəssis tərəfindən qoyula bilər.
Fərqindəlik səviyyəsini artırmaq və həyatını dəyişmək istəyən insan haradan başlamalıdır?
Nərgiz Əliyeva:
Fərqindəlik insanın öz düşüncə, emosional və bədən reaksiyalarını şüurlu şəkildə müşahidə etməsidir. Başlanğıc nöqtəsi isə sadədir — özünü müşahidə etmək. “Mən nə hiss edirəm?”, “Bədənim bu an nə deyir?” suallarını vermək kifayətdir.
Nəfəs çalışmaları, yoga, somatik məşqlər, gündəlik emosional refleksiya və avtomatik davranışları mühakimə etmədən izləmək fərqindəliyi artıran təsirli üsullardır. Məqsəd mükəmməl olmaq yox, özünlə daha dürüst və şəfqətli əlaqə qurmaqdır. Dəyişiklik mərhələli şəkildə baş verir.
Peşəkar fəaliyyətinizdə sizi ən çox təsirləndirən təcrübə hansıdır?
Nərgiz Əliyeva:
Etik çərçivələri qoruyaraq deyə bilərəm ki, ən təsirli anlar adətən səssiz, amma dərin dönüş nöqtələri olur. İllərlə emosiyalarını basdırmış bir insanın terapiyada ilk dəfə danışması və ağlaması böyük dəyişimin başlanğıcıdır. Bu, insanın özünə icazə verməsidir. Həmçinin ilk dəfə sərhəd qoyub “yox” deyə bilmək də çox önəmli mərhələdir. Psixoloji sağalma bəzən sadəcə özünə qarşı daha mərhəmətli olmağı öyrənməkdən başlayır. Gələcəkdə bu hekayələri gizlilik tam qorunmaqla bir araya toplamaq niyyətindəyəm.
Sonda Azərbaycan cəmiyyətinin hazırkı psixoloji vəziyyətini necə dəyərləndirirsiniz?
Nərgiz Əliyeva:
Azərbaycan cəmiyyəti sürətli dəyişikliklər, kollektiv travmalar və yüksək stress altında yaşayır. Emosional yüklənmə kifayət qədər yüksəkdir. Bununla yanaşı, psixologiyaya artan maraq, özünüinkişaf və fərqindəlik axtarışı ümidvericidir. Mən inanıram ki, yaxın gələcəkdə psixoloji sağlamlıq fiziki sağlamlıq qədər önəmli qəbul ediləcək.
Tags
26 Yanvar 2026, 13:23