Son iyirmiillikdə bəşəriyyətin yeni model dünyaya transfarmasiyası sosial toplumlarda insanların psixoloji vəziyyətinə köklü şəkildə təsir etdi. İnformasiya axınının sürətlənməsi, dinamik həyat tərzi insanları normadan artıq neqativlə yükləyir. Elə buna bağlı olaraq son iyirmi ildə mövcud cəmiyyətlərdə psixoloji yardım qaçılmaz, psixoloqlar isə ən çox ehtiyac duyulan mütəxəssislər olub. Ölkəmizdə bu sahənin kifayət qədər peşəkarları var. Səbinə Bayramova uğurları ilə adından söz etdirən gənc psixoloqlarımızdan biridir.
Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsində ali təhsil alan Səbinə Bayramova, akademik həyatının davamı olaraq Türkiyənin Səlcuq Universitetinə qəbul olur. Universiteti müvəffəqiyyətlə başa vuraraq o, “Master of Science” -“Uzman” ali elmi dərəcəsi alır. Universitet illərində psixoloji xidmət sahəsində bir sıra təcrübə programları keçən Səbinə Bayramova elə həmin illərdə asistan psixoloq olaraq fəaliyyətə başlayır. O, 2015-ci ildən etibarən peşəkar olaraq yeniyetmələr, yetkinlər və cütlüklərlə psixoterapiya seansları həyata keçirir. Gənc psixoloq hazırda fəaliyyətini Azərbaycanda davam etdirməklə yanaşı ölkəmizdə və Türkiyədə müxtəlif universitet və kariyera inkişafı mərkəzlərində tələbə və gənc mütəxəssislərin qarşısına təlimçi kimi çıxıb. 8 illik fəaliyyəti müddətində o, dünyanın 30-dan çox ölkəsində fərd və cütlüklər üzərində 10000-dən çox seans həyata keçirmişdir. Uzman Psixoloq və Psixoterapevt Səbinə Bayramovanın fəaliyyətində əsas istiqamət, fərdi və cütlük terapiyası ilə yanaşı, həm də cinsi terapiyadır. Cinsi funksiya pozuntuları (vaginizm, disparoniya, orqazm pozuntusu, istəksizlik, ereksiya və s.), cinsi kimlik problemi, cinsi fobiyalar və əhatəli cinsi təlim onun fəaliyyətində ön plana çıxır.
Valideyn-övlad münasibətlərinin fərdin sonrakı həyatındakı rolu, hər zaman ümumbəşər mövzu olaraq qalacaq. Valideynlərin övladlarına verdikləri uşaqlıqda öz valideynlərindən aldıqlarıdır. Hüzur və sevgi dolu ortamlarda böyüyən fərdlər gələcəkdə cəmiyyət üçün faydalı şəxsiyyətlərə çevrilirlər. Şiddətə məruz qalmış yaxud fiziki, psixoloji, cinsi və ya iqtisadi şiddətin hökm sürdüyü mühitdə böyüyən və dəyərsizlik duyğusunu uşaqlıqdan dadanlar haqqında isə bunu söyləmək çətindir. İkili münasibətlərdəki davranışımız uşaqlıqda valideynlərimizdən aldıqlarımızdır.
Psixoloq Səbinə Bayramova uzmanlıq təhsili aldığı illərdə sözügedən problemlə bağlı daha əvvəl Türkiyədə aparılmamış "Flört şiddəti və valideynlik tipləri arasındakı əlaqə: Universitet tələbələri" adı altında böyük araşdırma aparır. Araşdırma zamanı o, 500-ə yaxın universitet tələbəsi ilə müsahibə keçirərək flört şiddəti ilə valideynlik tipləri arasındakı əlaqəni dəyərləndirmişdir. Bu elmi araşdırmanın nəticələri Türkiyədə bir sıra beynəlxalq jurnallarda dərc olunub.
Fəaliyyət istiqamətlərini gücləndirmək məqsədi ilə mütamadi olaraq öz sahəsinin yeniliklərlə bağlı təlimlərinə qoşulan uzman psixoloq, Almaniya, Rusiya, Türkiyə, ABŞ kimi ölkələrdə beynəlxalq təlimlərin iştirakçısı olub.
Sosial həyatda baş verənlərə aktiv reaksiya verən gənc psixoloq postmüharibə dövründə II Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərə, bu ilin fevralında Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə könüllü psixo-sosial dəstək xidməti göstərib. Gördüyü işlərə görə hər zaman təqdir olunan Səbinə Bayramova “Bakı 2015” İlk Avropa Oyunlarının təşkili və keçirilməsində iştirakına görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmişdir.
2016-ci ildə Ümumrusiya Professional Psixoterapiya Liqasının fəxri üzvü olan Səbinə Bayramova, 2019-cu ildən Türkiyə Cinsi Sağlamlıq İnstitutu Assosiasiyasının fəxri üzvüdür.
Tags
24 May 2023, 19:10