Fizioterapiya son dövrlərdə insanların ən çox müraciət etdikləri tibb sahələrindən biridir. Bu üsul hərəkət qabiliyyətini yaxşılaşdırmaq, yarana biləcək riskləri qabaqlamaq və xəstəliyin xroniki vəziyyətə keçməsinin qarşısını almaq üçün istifadə olunur. Bu sahənin xaricdə ixtisaslaşmış mütəxəssislərindən Uzman Fizioterapevt Əziz Dəvrişov fizioterapiya ilə bağlı suallarımızı cavablandırdı.
Əziz həkim, fizioterapiya hansı xəstəliklərin müalicəsində istifadə olunur?
Əvvəla onu qeyd edim ki, fizioterapiya müasir tibdə bir çox xəstəliklərin müalicəsində önəmli rol oynayır. Ortopedik, nevroloji xəstəliklər, onurğa problemləri, serebral iflic, ginekoloji problemlərin-qısacası bütün tibb sahəsində olan xəstəliklərin müalicəsində istifadə olunan metodlar fizioterapiyaya daxildir.
Fizioterapiya hansı onurğa problemlərində istifadə olunur ?
Fizioterapiya onurğa əyriliklərində, skolioz-kifoz-lordoz əyriliklərində, həmçinin disk yırtıqlarının müalicəsində istifadə olunur
Onurğa sütununun ən geniş yayılmış xəstəliyiolan skaliozun neçənci dərəcəsi üçün fizioterapiya göstərişdir ?
Skolioz 20-40 dərəcə arasında olanda konservativ müalicə olan fizioterapiyadan istifadə olunur. Əyrilik dərəcəsi 40 dərəcənin üstündə olanda əməliyyata göstəriş verilir. Ancaq bəzi hallarda pasiyent əməliyyat istəmədikdə fizioterapiyadan istifadə edilə bilər.
Bel yırtığının müalicəsində fizioterapiyanın rolu və bu problem zamanı fizioterapiya əməliyyatın alternativi ola bilərmi ?
Dünyada 90-95 faiz hallarda onurğa yırtıqları konservativ metodlarla müalicə edilir. Fizioterapiya ilə müalicə etdiyimiz zaman degenerasiya olunmuş diskin üzərində olan kompresiya –sıxılma aradan qaldırılır, onurğa ətrafı əzələlər gücləndirilir, simptomlar aradan qaldırılır.
Əzələ ağrıları hardan qaynaqlanır, fizioterapiya ilə müalicəsi mümkündürmü?
Əzələ ağrıları fizioterapiyaya daxil olan və olmayan səbəblərdən qaynaqlana bilər. Səbəbi təyin etmək üçün pasiyent fiziki müayinədən keçməlidir. Əgər məsələnin kökündə fizioterapevtik problemlər durursa, müalicəsi mümkündür.
Onurğa və əzələ xəstəliklərinə düçar olmamaq yaxud zamanında qarşısını almaq üçün nə məsləhət görürsünüz ?
Onurğa problemlərindən olan əyriliklər daha çox uşaq vaxtından yarandığı üçün onurğa ətrafı əzələlərdə də elə o vaxtdan problemlər, ağrılar yaranmağa başlayır. Burdan azyaşlıların valideynlərinə səslənmək istəyirəm. Övladınızda onurğa problemləri hiss etdikdə bunun qarşısını almaq üçün müayinələrə aparın və əzələ gücləndirməsi üçün müvafiq tədbirlər görün.
Tags
29 Sentyabr 2023, 14:46